Mərkəzi Bank bu şirkəti 44 min manat cərimələtdirdi


  • 14:38

Mərkəzi Bank "AEV" MMC barəsində valyuta tənzimi qaydalarının pozulmasına görə cərimə protokolu tərtib edib.

E-huquq.az-ın məlumatına görə, İnzibati İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Aynurə Sadıqovanın sədrliyi ilə işin araşdırılması zamanı məlum olub ki, şirkət 30 000 ABŞ dolları məbləğində vəsaiti "Shaoxing Keqiao China Textile City Hanzhang Trade Co" şirkətinin hesabına köçürüb. Lakin 2 il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib. Valyuta vəsaiti də geri qaytarılmayıb.

Məhkəmə qərara alıb ki, barəsində inzibati xəta haqqında icraat aparılan şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 130 000 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 26 000 ABŞ dolları, yəni 44 200 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

Qeyd edək ki, "AEV" MMC ev və bağ üçün lazım olan plastik mətbəx, məişət və s. kimi malların topdan satışı üzrə fəaliyyət göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər