- 19:11
Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işinin məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirlndirilən şəxs ifadə verib.
O, hadisə baş verən zaman üzərində 2 ədəd bıçaq olduğunu bildirib: “Daimi üzərimdə bıçaq gəzdirmirəm, gödəkçəmin cibində qalmışdı. Mən Fəyyaz, Emil və Rəvanla kafedə idim. Kafenin qarşısında 8 nəfər var idi, onlar söyüş söyürdülər. Sonra bizi çağırdılar və ünvanımıza yenə söyüşlər səsləndirdilər. Qarşı tərəfdən heç kimi tanımırdıq. Onlara irad bildirdim ki, ayıbdır məhəllədə söyüş söyməyin. İçlərindən biri dedi ki, qardaş içkilidir, yola ver onu. Elə o zaman içkili olan üstümə gəldi və dava düşdü. Mənimlə olanlar bizi ayırırdı, davaya qarışmamışdılar. Mən artıq huşumu itirəcək vəziyyətdə idim. Onları öldürmək məqsədim yox idi, amma onların belə məqsədi var idi. Məni təkləyib öldürmək istəyirdilər. Məcbur qalıb əlimi cibimdəki bıçaqlardan birinə atdım. Bıçaqla Ümidi 1 dəfə vurdum, amma hansı nahiyyəyə vurduğumu bilmirəm. Sonra onlar arxaya çəkildilər və mən də çıxıb getdim. Onu öldürmək məqsədim olsaydı, 1 dəfədən çox zərbə vurardım. Mən sadəcə özümü müdafiə etmişəm. Hadisədən sonra məhəllə tərəfə qaçdım. Bilmirdim nə etmişəm, həyəcanlı idim. Eşidəndə ki, Ümid ölüb, gedib təslim oldum. Bıçaqları da bölmədə təqdim etdim. Hadisə vaxtı özüm də başımdan xəsarət almışdım. Əməlimdən peşmanam. İstəməzdim ki, nə mənim ailəm, nə zərərçəkmiş tərəfin ailəsinin gözü yaşlı qalsın”.
Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi Soltanov Hikmət ifadə verib: “Mənim oğlum oxuyub universitetə daxil olmuşdu, işinə gedib-gələn uşaq idi. Nişanı olacaqdı. Məhkəmədən xahişim odur ki, ədalətli qərar çıxarılsın. Hər gün gedirəm oğlumun qəbrinə,ağlayıram. Maketini qoyub şəkilinə baxırıq, mən psixi xəstə olmuşam, yoldaşım şəkər xəstəsi olub”.
O, təqsirləndirilən şəxsə üzünü tutaraq deyib: “Həsən, heç olmasa, uşağı döyərdin, ayağından bıçaqlayardın, niyə ürəyinin altından bıçaqlamısan?”
Daha sonra zərərçəkmiş Adil İsmayılov ifadəsində bildirib ki, orada 8 nəfər olmayıblar: ”Orada zarafatlaşırdıq, ağzımızdan söyüş çıxdı. İçkili idim. Mən Həsənə 1 dəfə şillə vurmuşam, amma o mənə bir neçə zərbə endirib”.
Hadisə şahidi, zərərçəkmiş şəxsin qardaşı Toğrul Soltanov ifadəsində bildirib ki, hadisə vaxtı içkili olublar: Biz zarafatlaşırdıq, söyüş də çıxmışdı ağzımızdan. Adilə irad bildirildi ki, söyməsin. Mən biraz aralıda idim. İş davaya çevrildi, Adili yıxıb vurdular. Sonra mən yaxınlaşdım”.
Şahid Teyyub Mustafazadə qətli kimin törətdiyini bilmədiyini söyləyib: “Ümidin vurulduğunu Toğrulun qışqırmasından başa düşdüm, amma onu kimin vurdğunu bimlmirəm. Özüm isə davada iştirak etməməmişəm”.
Digər şahidlər də bənzər ifadələr veriblər.
Məhkəmənin növbəti iclası 16 iyul tarixinə təyin olunub.
Qeyd edək ki, hadisə 16 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb. Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən kəskin qan itirdiyindən Ümid Soltanov dünyasını dəyişib.
Həsən Kazımov barəsində Cinayət Məcəlləsinin 120.2.2 , 221.3 , 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı