Məzmuna keç

Kürdəmirin həbsdə olan sabiq icra başçısı kassasiya şikayəti verdi

Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslər barəsindəki hökmdən kassasiya şikayəti verilib.

E-huquq.az-ın məlumatına görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

İşə iyulun 11-də hakim İlqar Cəfərovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar.

Sabiq vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Qərardan narazı qalan müdafiə tərəfi aprellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. Bundan başqa, sabiq icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.

Şəbnəm Mehdizadə