DSX mayoruna hücum: Kikboksinq Federasiyasının sabiq birinci vitse-prezidenti ifadə verdi - MƏHKƏMƏ


  • 19:11

Bakıda Dövlət Sərhəd Xidmətinin mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Prosesin əvvəlində şahid qismində Kikboksinq Federasiyasının sabiq birinci vitse-prezidenti Ramal Aslanov dindiriib. O, bildirib ki, daha öncə bu iş üzrə saxlanılıb:

"Mənim bu hadisədən saxlanıldıqdan sonra xəbərim olub. Hadisə günü uşaqlarla bu hadisə baş verən məkanın yaxınlığında görüşüb, çay içib, domino oynamışdıq. Bildiyim qədəri ilə hadisənin səbəbi Ceyhunla Fuadın telefonla danışarkən bir-birlərininə qarşı nəlayiq ifadələr işlətməyi olub. Bu dava ilə bağlı öncədən məlumatım olmayıb. İddia olunduğu kimi mən bunu planlamamışam. Tamamilə təsadüf olub. Bilsəydim, belə hadisələrin baş verməsinə qəti imkan verməzdim".

Şahid əlavə edib ki, bu hadisədən öncə Fuad Zeynalovla münahisəsi olub: "Fuad Zeynalovla aramızda problem olub. Komandamız məğlub olanda bizi dəstəyə gəlməmişdi. Söhbət əsnasında mənə qarşı hörmətsizlik də etmişdi. Amma, biz bundan sonra Fuadla barışdıq. Hətta şəhərdə görüşmüşükdə. Bu baş verənlərin dava ilə əlaqəsi olduğunu düşünmürəm".

Digər şahid Elvin Məmmədov da hadisə ilə əlaqədar daha əvvəl saxlanılıb. O, bildirib ki, hadisə günü təqsirləndirilənlə birliktə şəhərdə görüşüb çay içiblər: "Biz çay içib evə gedirdik. Mən arxada gedirdim. Saat gecə 2 radələri idi. Qaranlıq olduğu üçün dəqiq görmədim, amma Fuad Zeynalov ilə onların dava etdiyini gördüm. Bunun nə səbəbə baş verdiyini bilmirəm".

Prosesdə ifadə verən İman Abbasov bildirib ki, həmin gecə Fuad Zeynalov onu ayıq sürücü kimi çağırıb: "Müştəri mənə maşının açarını verib mühərriki işə salmağımı istədi. Maşında olarkən səslər eşitdim. Hadisə yerinə qaçanda Fuadın və Anarın döyüldüyünü gördüm. Qaranlıq olduğu üçün heç kimi görmədim. Fuadı xəstəxanaya mən apardım".

Şahidin ibtidai istintaqda verdiyi ifadə ilə hazırki danışdıqları arasında ziddiyət yaranıb. O ibtidai istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Məhkəmənin növbəti iclası 21 iyul tarixinə təyin edildi.

Qeyd edək ki, bu ilin yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqız

Oxşar xəbərlər