İlqar Mustafayevin məhkəməsi keçirildi


  • 14 İyul 15:14

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Musyafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

E-huquq.az verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkən kimi tanınan Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi qismində Tural Nəsibov iştirak edib.

İ.Mustafayevin vəkilləri vəsatət verərək onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdiriliməsini xahiş edib. Onlar bildiriblər ki, bu vəsatətə baxılarkən təqsirləndirilənin səhhətindəki problemlər nəzərə alınmalıdır. İkinci vəsatətdə vəkil İlqar Mustafayevin şüşə qəfəsdə deyil, vəkil yanında oturmasını məhkəmədən xahiş edib.

F.Babayevin vəkili isə vəsatət verərək onun adına olan əmlakın, yoldaşınının adına olan 20 milyon dəyərindəki torpağın və KİA Sportmarkalı avtomobilinin sənədlərinin sübutlar siyahısından çıxarılmasını xahiş edib. Belə ki, həmin əmlaklar bu hadisələrdən öncə alınıb.

R.Bədəlovun vəkili isə cinayət işindəki bəzi maddələrə xitam verilməsini xahiş edib.

Daha sonra İ.Mustafayev bildirib ki, 18 aydır təzyiqlər altındadır: "Qurumda 8 ay Hesablama Palatasının yoxlaması gedib. Yoxlamalardan sonra mənə yeni rəisin yanında dedilər ki, 5 milyon pul mənimsəmisən, verməlisən. Əgər olmasa biz Prokurorluğu çağıracayıq. Ondan sonra pul oldu 3 milyon. Dedim ki, sübut varsa verərəm amma göstərmədilər. Sonra haqqımda cinayət işi açıldı və həbs olundum. Sizdən xahiş edirəm ki, işimə ədalətlə baxın".

Vəsatətlər təmin edilməyib. Sadəcə İlqar Mustafayevin vəkilinin yanında əyləşməsi ilə bağlı vəsatət təmin edilib.

Məhkəmənin baxış iclası 28 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər