- 14 İyul 21:35
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hakim anten məlumatları ilə bağlı sorğuya hələki cavab gəlmədiyini bildirib.
Eyni zamanda məhkəməyə təqdim olunan fləşkartın yalnız zərərçəkmişin məhkəmədə istirakı və özünün izahı ilə tədqiq ediləcəyi bildirilib. Fləşkart zərərçəkmiş tərəfindən verilmiş material kimi işə daxil edilib.
Məhkəmənin növbəti iclasında texniki məsələlərin daha dərindən anlaşılması üçün mütəxxəssis dəvət olunacaq.
Daha sonra təqsirləndirilən şəxsin vəkili "İnvestAZ"dan Ceyhun İbrahimovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatətlə çıxış edib. Zərərçəkmiş tərəf vəsatətin təmin edilməsini istəməyib. Məhkəmə vəsatəti hazırki mərhələdə təmin etməyib.
Məhkəmənin növbəti iclası 21 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Humay Eminqızı