- 14 İyul 21:35
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili vəsatətlə çıxış edərək onun istintaq təcridxanasına daxil olarkən aparılan müayinə ilə bağlı sənədin təqdim edilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib.
Daha sonra Dövlət ittihamçısı ittiham aktını səsləndirib.
İttihama görə, Rüfət Səfərov zərərçəkənə Novxanıda bağ satıb və bunun qarşılığında 60 mindən çox pul alıb. Lakin vədinə əməl etməyib. Bunu görə hadisə günü zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək onunla mübahisə edib. Rüfət Səfərov bundan sonra onu yaralayıb.
Rüfət Səfərov ittihamı qəbul etməyib. O, bildirib ki, Novxanıdakı torpağın bir qismi zərərçəkənə satılıb. Zərərçəkən qalan 6 sotu istəyib, lakin R.Səfərovun ailəsi satmayıb. Natiq İmanquliyevi də ilk dəfə hadisə günü görüb.
Məhkəmənin növbəti iclası 8 sentyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı