- 14 İyul 21:35
Azərbaycanda terrora cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verərək törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
Şahidlərin iştirakının təmin edilməsi üçün məhkəmənin növbəti iclası 4 avqust tarixinə təyin edilib.
Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.
Məlumata görə, Azərbaycanın Sumqayıt şəhərində yaşayan və “İŞİD Xorasan” terror təşkilatına bağlılığı olması araşdırılan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb. O, yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücum plandığı zaman DTX-nin əməkdaşları tərəfindən cinayət başında saxlanılıb.
Belə ki, o, 28 dekabr 2024-cü il tarixində “KİA” markalı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən yəhudi sinaqoquna yaxınlaşıb. O, avtomobilindən çıxardığı 3 ədəd “Molotov kokteyli” və digər silahlarla içəriyə daxil olmağa cəhd edib. Amma DTX əməkdaşları onu bu əməli gerçəkləşdirə bilmədən dayandırıblar.
Əməliyyat zamanı onun üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.
Abdulla Əliyevin “Abu Radd” ləqəbli terror liderinə beyət edərək terrorçu fəaliyyətlərə başladığı bildirilib.
Onun sosial şəbəkələrin birində yaradılmış “KHALIFATUL MUSLİMUN” adlı qrupun üzvü olduğu aşkarlanıb. Təqsirləndirilən şəxsin “İŞİD Xorasan”ın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da müəyyən edilib.
Humay Eminqızı