“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı


  • 15 İyul 18:03

Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

R.Süleymanovun vəkili vəsatət verərək onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. O, əlavə olaraq müdafiə tərəfinin verdiyi sübutların məhkəmə sübutları siyahısına əlavə olunası ilə əlaqədar vəsatət verib.

Vəkil işin baxışa verilməsinə etiraz edib və işin araşdırmanı aparan istintaq orqanına qaytarılmasını xahiş edib.

Vəsatətlər təmin edilməyib. Məhkəmənin qərarı ilə iş baxışa verilib.

Məhkəmənin baxışı iyulun 22-ə təyin edilib.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.Süleymanov daha öncə də 45 günlük inzibati həbs edilib.

Humay Eminqızı

Oxşar xəbərlər