"Məclis.info" saytının rəhbərinin məhkəməsində şahidlər dindirildi


  • 15 İyul 19:55

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, eləcə də onunla birgə ittiham olunan Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Gəncə rayon vergi idarəsinin nümayəndəsi ifadə verib.

O bildirib ki, vergi borcu yalnız İmran Əliyevə məxsusdur: “Daha öncə Ə.İmranın gəlir vergisi də olub və bu səbəbdən borcdan 2 min manat silinib. Hazırda borc 61 min 561 manat 63 qəpik təşkil edir. Tamella xanıma qarşı isə heçbir mülki iddia yoxdur”.

İmran Əliyevin atası Bağır Əliyev ifadə verməkdən imtina edib. İmtina məhkəmə tərəfindən qəbul edilib.

Şahid Səma Əhmədovanın sözlərinə görə təqsirləndirilənlərdən İmran və Elgizi tanıyır: “Tələbə idim və təcrübə proqramı “WhatsApp” qrupuna göndərilmişdi. Qrupu İmran yaratmışdı. Mənim fəaliyyətim qanun layihələrinin daha asan dildə təhlili, izahı olub. Hazırladıqdan sonra isə onları paylaşırdıq. Ofisdə fəaliyyətim daimi olmayıb. Əmək müqaviləm də olmayıb. İmran Əliyev mənə əlavə nağd ödəniş etməyib. Əməkdaşlardan Elgizi data analitik kimi tanımışam. Onun hər hansı bir sənədlərə imza atdığını görməmişəm. Səhv etmirəmsə, Anar dizayner idi. Tamellanı isə daha öncə tanımamışam, burada tanıdım. İstintaqa ifadə verəndə mən tərəfdən imzalanmış qəbzlər göstərildikdə bunlarla heç bir əlaqəm olmadığını və heç nəyə imza atmadığımı bildirmişəm”.

Səma Əhmədova deyib ki, "Məclis.info"nun rəsmi qaydada USAID təşkilatından maliyyələşdirildiyini eşidib.

Şahid Şəbnəm Babayeva 2021-2022-ci illərdə “Məclis.info”da xidməti əmək müqaviləsi ilə aparıcı kimi fəaliyyət göstərdiyini və vergi ödəyicisi olduğunu bildirib. Təqsirləndirilən hər üç şəxsi tanıyır. Şahid daha sonra “Məclis.info”da könüllü kimi fəaliyyət göstərdiyini deyib: “Proqramlaşdırma kursuna yazılmışdım. İmranla əlaqə saxlayıb dedim ki, mənə kompüter lazımdı. İmran dedi ki, bizdə videoların çəkilməsi işlərinə kömək et və bunun qarşılığında ofisdəki kompüterləri işlət. Beləliklə mən orada könüllü kimi işləməyə başladım. Orada işçi kimi fəaliyyət göstərəndə vergi çıxmaq şərti ilə 490 manat maaş almışam. İmran Əliyev mənə əlavə ödənişlər etməyib”.

Şahid qismində dindirilən Murad Rüstəmbəyli 2017-ci ildən İmranla sosial şəbəkədə tanış olduğunu bildirib: “İmranla tanış olanda harada işlədiyini bilməmişəm, “Məclis.info”da rəhbər olduğunu sonradan bilmişəm. O, işlə bağlı mənə heç bir təklif etməyib. Amma tərcümə məsələləri ilə bağlı məndən arada kömək alıb. Bunun qarşılığında mənə ödəniş etməyib, sadəcə bir dəfə 100 bir dəfə də 200 manat verib mənə. Bilirdi ki, maddi vəziyyətim yaxşı deyil. Bəlkə də ona görə verib pulları. “Məclis.info”da işin təşkili və s. ilə bağlı söhbətlərimiz olmayıb”.

Digər şahidlərin dindirilməsi ilə əlaqədar məhkəmə iclası təxirə salınıb.

Qeyd edək ki, “Məclis.info” saytının rəhbəri İmran Əliyev ötən ilin aprel ayında həbs edilib.

Daha sonra cinayət işi üzrə Elgiz Qəhrəman və Tamella Musayeva da məsuliyyətə cəlb olunublar.

Onlar Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham ediliblər.

İmran Əliyevin barəsində həbs qətimkan, Elgiz Qəhrəman və Tamella Musayevanınn barəsində isə polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər