- 21 İyul 22:22
"Biz, vəkillər olaraq, ədalət mühakiməsinin formalaşması və həyata keçirilməsində bilavasitə iştirak edirik. Bu gün bu əməkdaşlıq rəsmi olaraq da təsbit olunub. Belə ki, "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunun 4.2-ci maddəsinə əsasən, Şura Vəkillər Kollegiyası ilə birgə fəaliyyət göstərir və əməkdaşlıq edir. Əməkdaşlığımız təkcə bu maddə ilə məhdudlaşmır. Hazırda Vəkillər Kollegiyası həm Hakimlərin Seçki Komitəsində, həm də Məhkəmə-Hüquq Şurasında təmsil olunur. Kollegiyanın Məhkəmə-Hüquq Şurasındakı iştirakı və ümumilikdə hakim korpusunun formalaşmasında rolu dövlət üçün olduqca önəmlidir və Şura bu məsələyə xüsusi diqqət yetirir. Mən də Məhkəmə-Hüquq Şurasının üzvü kimi bu prosesdə yaxından iştirak edirəm".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov bildirib ki, son dövrlərdə ölkəmizdə məhkəmə-hüquq sahəsində mühüm islahatlar həyata keçirilir və bir sıra əhəmiyyətli dəyişikliklər baş verir: "Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barəsində intizam icraatlarının başlanması bu islahatların bir hissəsidir. Şuranın əsas funksiyalarından biri də məhz bu istiqamətdə fəaliyyətdir. Eyni zamanda Şura üçün hakimlərin motivasiyası və mükafatlandırılması da xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə-Hüquq Şurasının sədri hörmətli İnam Kərimov bu sahəyə ciddi diqqət ayırır. Şura yalnız cəza verən qurum deyil, eyni zamanda ədalətli şəkildə hakimləri mükafatlandıran bir qurumdur. Bu gün Məhkəmə-Hüquq Şurasında fəaliyyət yüksək demokratik prinsiplərə əsaslanır. Misal üçün, hakimlər barəsində intizam icraatları üzrə hakim olmayan şura üzvləri sırasından opponent məruzəçilər təyin olunurlar. Şuradakı müzakirələrdə çəkişmə prinsipi tam təmin olunub. Bu isə bir daha göstərir ki, Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin rəhbərliyi çəkişmə prinsipinə böyük önəm verir. Çəkişmə prinsipi olmadan ölkədə ədalət mühakiməsinin yüksək standartlarına nail olmaq mümkün deyil. Bu prinsip artıq hər sahədə tətbiq olunur və getdikcə daha da inkişaf edir".
Onun sözlərinə görə, bu gün vəkillik ölkəmizdə formalaşmaqda olan yeni hakim korpusunun əsas kadr mənbələrindən birinə çevrilib və bu proses uğurla icra olunur: "Yeni təyin edilən hakimlər arasında vəkillərin sayı getdikcə artır və artıq onlar məhkəmə işçilərindən sonra say baxımından ikinci yerdədir. Müasirləşən hakim korpusunun öncül simaları məhz keçmiş vəkillərdir. Bu isə o deməkdir ki, bu günün vəkilləri sabahın hakimləridir. Əminik ki, bu tendensiya gələcəkdə daha da güclənəcək".
Sədr qeyd edib ki, Cənab Prezident İlham Əliyevin 3 iyun 2025-ci il tarixli Sərəncamı ilə təyin olunan yeni hakimlər arasında 9 nəfəri Vəkillər Kollegiyasının üzvləri olub: "Bu bizim üçün çox önəmlidir və onlardan müəyyən gözləntilərimiz var. Mən təkcə Kollegiyanın sədri deyil, həm də Şura üzvü kimi həmin hakimlərə müraciət edərək bildirmək istəyirəm ki, fəaliyyətlərində həmişə qanunun aliliyini qorusunlar, peşə borcunu ləyaqətlə yerinə yetirsinlər, andlarına sadiq qalsınlar. Müstəqilliklərini qoruyaraq, ədalətli, qərəzsiz və obyektiv olsunlar. Kollegiya sədri olaraq isə keçmiş həmkarlarınıza qarşı diqqətli davranmalarını xüsusilə arzulayıram. Biz vəkillərlə hakimlər arasında xoşagəlməz halların və münaqişələrin şahidi olmaq istəmirik".
Humay Eminqızı