- 23 İyul 17:46
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Şahin Cəfərov, Qubadov Elnur və Bəhram Atakişiyevin məhkəməyə müraciəti səsləndirilib.
Onlar baş verən hadisə ilə bağlı Tağı İbrahimov və Toğrul Rzayevi təqsirli bilmədiklərini bildirərək həbs qətimkan tədbirinin ləğv edilməsini istəyiblər. Zərərçəkmişlər onlara maddi yardım göstərildiyini bildiriblər.
Məhkəmədə ifadə verən Hikmət Əliyev bildirib ki, sexdə Həmid İbrahimovdan icarəyə yer götürüb: "Sexdə dəmir emalatxanası üçün icarəyə yer götürmüşdüm. İcarəyə götürdüyüm yer 400 kvadratmetrdir. İcarə haqqı 1200 manat təşkil edirdi. Sonradan 2300 manat ödəmişəm. Hazırda orada çox az hallarda oluram. İcarə haqqını mühafizəyə ödəyirdim. Hadisə olanda gördüm ki, bərk silkələnmə oldu. Çölə çıxanda gördüm partlayış olub. Sexdə yanğın təhlükəsizliyindən, işçilərin təhlükəsizliyindən özüm cavabdeh olmuşam. 3-4 ildir orada işləyirdim, bu günə qədər orada partlayış, yanğın olmayıb".
Zaur Hüseynov ifadəsi zamanı bildirib ki, sexdə Həmid İbrahimovdan jalyüz-pərdə zavodu üçün 210 kvadratmetr ərazini icarəyə götürüb:"Orada 8-10 il fəaliyyət göstərmişəm. 210 kvadratmetr yer icarəyə götürmüşəm. Öncə icarə üçün 1000 manat, 3-5 il sonra isə 500 manat ödəmişəm. Əvvəl orada 2 yer icarəyə götürmüşdüm, iş getmədi deyə bağladım oranı. Ona görə də icarə haqqı aşağı düşdü. Sexdə yanğın təhlükəsizliyindən, işçilərin təhlükəsizliyindən özüm cavabdeh olmuşam. Mənim zavodumla partlayış olan yerin arasında məsafə çox idi deyə yalnız partlayış səsini eşitmişəm”.
Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı