- 25 İyul 20:26
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilmişdir.
Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir.
"Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" feilindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşünülməlidir. Fransız dilindəki "constituer" feili latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir.
"Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir.
Müasir dövrdə hüquqi termin kimi işlədilən "konstitusiya" sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir. Bundan başqa, dünya dövlətlərinin konstitusiyaları dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edir. Konstitusiya dövlətin mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Dünyada ilk Konstitusiya 17 sentyabr 1787-ci il tarixdə Amerika Birləşmiş Ştatlarında qəbul edilmişdir. 04 mart 1789-cu il tarixdə qüvvəyə minmişdir.
Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Sosializm cəmiyyəti qurmaq vəzifəsini qarşıya qoyan bu Konstitusiya respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyəti simasında şəhər və kənd proletariatın diktaturasını, torpaq, sənaye, bank, nəqliyyat və s.-nin milliləşdirilməsini qanuniləşdirdi, əməkçi kütlələrə demokratik hüquq və azadlıqlar vermişdir. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinin 06 dekabr 1993-cü il tarixli qərarına əsasən ilk milli konstitusiyanı hazırlayan komisiyanın 35 (otuz beş) nəfərdən ibarət tərkibini müəyyən etmiş, özü isə komisiyanın sədri təyin edilmişdir.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ümumilli lider Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi: Biz elə bir lahiyə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.
Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmişdir.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir.
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Ulu Öndər Heydər Əliyevin 06 fevral 1996-cı il tarixli Sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edildi.
Ulu Öndər Heydər Əliyevin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təsis edilmişdir. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası təşkil edir.
Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya qəbul olunan zaman Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadrat kilometr müəyyən edilsədə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdə başlanmış Vətən müharibəsində tarixi Qələbənin qazanılması və 19-20 sentyabr 2023-cü il tarixdə baş tutmuş antiteror əməliyyatlarının əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunmuşdur.
Şahəli Musayev
Şirvan İnzibati Məhkəməsinin hakimi