- 18:27
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Fuad Zeynalovun anket məlumatları dəqiqləşdirilib.
Fuad Zeynalov ifadə verməkdən imtina edib. Məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub.
İfadədən məlum olub ki, hadisə Fuad Zeynalov və Ramal Aslanovun komandaları ilə birlikdə Afina şəhərində keçirilən yarışdan sonra başlayıb. Tələbələrin davranışı səbəbilə aralarında mübahisə yaranıb. Bakıya qayıtdıqdan sonra Ramal Aslanov və Elnur Həmidov Fuad Zeynalovu həyətə çağırıblar. Zeynalov isə mətbəxdən bıçaq götürərək aşağı enib və hücuma məruz qalacağını görüb qarşı tərəfi həmin bıçaqla hədələyib. Hadisədən sonra tərəflər bir-birlərini telefonla təhqir ediblər.
Hadisə baş verən gün Fuad Zeynalov dostu ilə axşam restoranda yemək yeyib, daha sonra "ayıq sürücü" xidmətindən istifadə ediblər. Avtomobilə doğru hərəkət edərkən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov onlara hücum edib. Onlar yumruq, təpik və “beşbarmaq” adlı dəmir alətlə Fuad Zeynalova və onun dostuna xəsarət yetiriblər. Zeynalovun sözlərinə görə, bu hücumun arxasında Ramal Aslanovun dayandığını düşünür, çünki digər şəxsləri tanımır.
Zərərçəkmiş Fuad Zeynalov ifadəsini təsdiqləyib və hər üç təqsirləndirilənlə barışığın əldə olunduğunu bildirib.
Prosesdə digər zərərçəkmiş – Anar Süleymanov da ifadə verib. O bildirib ki, Fuad Zeynalov onun yaxın dostudur və hadisə günü dostunun çağırışı ilə ora gedib. Yalnız Elnur Həmidovu tanıdığını deyən Süleymanov, ilk zərbəni də özü endirdiyini, təqsirləndirilən şəxslərlə şəxsi qərəzi olmadığını və onlardan şikayətçi olmadığını bildirib.
Məhkəmənin növbəti iclası 30 iyul tarixində keçiriləcək.
Qeyd edək ki, bu ilin 4 yanvar tarixində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edildiyi bildirilir.
Faktla bağlı idmançılar – Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov isə polis nəzarəti altına verilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq), 126.2.4-cü (ağır bədən xəsarəti yetirmə) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşya ilə törədilən xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı