Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsə 10 il cəza verildi


  • 28 İyul 13:16

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işinin məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil Həsən Kazımovun əməlində xuliqanlıq niyyətinin olmadığını, hadisənin özünümüdafiə həddini aşması nəticəsində baş verdiyini qeyd edib. O bildirib ki, zərərçəkmiş Ümid Soltanov hadisə zamanı qan itkisindən həyatını itirib.

Son sözündə Həsən Kazımov törətdiyi əməldən peşman olduğunu bildirib.

Müşavirədən sonra məhkəmə hökm elan edib. Hökmə əsasən, Həsən Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 16 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb. Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən kəskin qan itirdiyindən Ümid Soltanov dünyasını dəyişib.

Həsən Kazımova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) , 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.4-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər