SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi keçirildi


  • 28 İyul 16:25

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramin Şükurovun vəkilləri vəsatətlə çıxış edərək bildiriblər ki, müvəkkillərinin eşitmə ilə bağlı ciddi problemi var. Buna görə də, onlar məhkəmə prosesi zamanı təqsirləndirilənin şüşə arxasında deyil, vəkilin yanında əyləşməsini xahiş ediblər.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Ramin Şükürovun vəzifədə işləyərkən Xalid Əzimov və Emil Nəbiyev ilə çağırışçılardan rüşvət alıb.

Onların çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi, hərbi qeydiyyata alınma prosesini sürətləndirmək qarşılığında ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə edərək, qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün isə qismən yararlı hesab olunmasına köməklik göstərmək məqsədilə ondan 30 min manat məbləğində pul alıblar.

Bundan başqa, eyni əmələrlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdən 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alıblar.

Təqsirləndirilən şəxslər itthamla özlərini təqsirli bilməyiblər.

Məhkəmə istintaqı zamanı ilkin olaraq təqsirləndirilən şəxslərə sərbəst ifadə vermələri üçün imkan yaradılsa da, vəkillər şifahi vəsatət qaldıraraq ilk olaraq iş üzrə adı keçən şahidlərin dindirilməsini tələb ediblər

Buna görə də məhkəmənin növbəti prosesində dindirilməsi nəzərdə tutulan şahidlərin məhkəmədə istirakının təmin olunası ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası 1 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, R.Şükürov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.

Onların çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürov barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimov barəsində isə ev dustaqlığı qətimlan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər