Ceyhun İbrahimov Nizami Alışanın məhkəməsində ifadə verəcək


  • 28 İyul 17:29

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı iştirak edib.

Elektron təhlükəsizlik sahəsi üzrə mütəxəssis kimi çalışdığını bildirən şəxs ona verilən sualları cavablandırıb. O, admin tərəfindən istifadəçi hesablarının bloklanmasının mümkün olduğunu təsdiqləyib.

Bildirib ki, admin tərəfindən bloklanan səhifəni bərpa etmək mümkün deyil. Mütəxxəssis eyni zamanda korporativ e-maildən yazışmaların müəyyən oluna biləcəyini bildirib.

Daha sonra "Azərcell" şirkətinə anten məlumatlarla bağlı verilən sorğunun nəticəsi elan edilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək "İnvestAZ"ın İdarə Heyətinin üzvü Ceyhun İbrahimovun məhkəməyə şahid qismində çağırılması ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası 31 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər