Sevgilisinin qətlində təqsirləndirilən şəxs: “Onu söyüşə görə öldürmüşəm”


  • 29 İyul 13:15

Bakıda qadını daşla qətlə yetirməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

İgid Rəcəbzadə bildirib ki, Elnarə İbrahimova ilə bir ildir sevgili münasibətindədir. Onun sözlərinə görə, Elnarə bacısının evində yaşadığından, görüşmək üçün ora gedirmişlər. Hadisə baş verən gün isə birlikdə "Maştağadakı Mall" adlı ticarət mərkəzinə gediblər.

“Ona geyim almağa gedirdik. Mən pulunu ödəyəcəkdim, amma heç nə almadı deyə ödəniş etmədim. Oradan çıxanda taksiyə mindik, sonra maşınla hadisə yerinə yaxınlaşdıq. Elnarə birdən maşını saxladı. Səbəbini soruşdum, cavab vermədi. Hadisə yerinə çatanda qışqırmağa, mənə ağır söyüşlər söyməyə başladı, məni itələyir və vururdu. Nə baş verdiyini anlamırdım. Sonra telefonla danışmaq üçün qırağa çəkildi, qayıdandan sonra yenidən məni təhqir etdi. Mən də ona yumruq vurdum, yıxıldı. O anı xatırlamıram. Başına bir dəfə daşla vurmuşam, daş kiçik idi. Daha sonra hadisə yerindən uzaqlaşdım. Onu söyüşə görə öldürmüşəm, niyə söydüyünü isə anlamadım”, – deyə o bildirib.

İgid Rəcəbzadə istintaqa verdiyi ifadəni təsdiq etməyib.

Məhkəmənin növbəti iclası 16 sentyabr tarixinə təyin olunub.

Qeyd edək ki, 2023-cü ilin 17 dekabrında Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölümü ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin Zabrat qəsəbəsində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Elnarə İbrahimovanın baş nahiyəsinə daşla xəsarət yetirərək onu qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər