“Uşağımı qaçırmaqla təhdid etdi” - Azər Qasımlının məhkəməsi


  • 30 İyul 16:06

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.

Zərərçəkmiş bildirib ki, kriptovalyuta sahəsində fəaliyyət göstərir: “Azər Qasımlı ilə Real Partiyasında tanış olmuşam. Münasibətimiz yaxşı idi. O da kriptovalyuta ilə maraqlanırdı. Onun adına hesab açıb idarə etməyə başladım. Həmin hesaba 20 min dollar məbləğində vəsait köçürülmüşdü. Lakin müharibə dövründə, VPN vasitəsilə istifadə etdiyimiz platformada kriptovalyutanın dəyəri kəskin şəkildə azaldı və nəticədə həmin məbləğ itdi. Pulun əvəzində məndən “Bitcoin” tələb etdi. Mən bunun mümkün olmadığını bildirdim. Daha sonra məni hədələyərək, 45 min dollar borcumun olduğunu göstərən sənədə imza atmağa məcbur etdi. Bu hadisədən sonra qorxaraq ölkəni tərk etdim. Lakin o, bununla kifayətlənməyib ailəmi, hətta uşağımı qaçırmaqla təhdid etdi”.

Zərərçəkmiş şəxs, həmçinin yeni vəkil tutduğunu və vəkilin iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istədiyini deyib.

Bununla əlaqədar olaraq növbəti məhkəmə iclası 10 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Humay Eminqızı

Oxşar xəbərlər