"Şlyapa Zahid"ə hökm oxundu


  • 30 İyul 18:41

Müdafiə Nazirliyinin əməkdaşı olmuş Zahid Niftəliyevin (Şlyapa Zahid) 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər.

Z.Niftəliyev ona bəraət verilməsini xahiş edib.

Daha sonra hökm oxunub. Hökmə əsasən, Z.Niftəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Niftəliyev daha əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Z.Niftəliyev azadlığa buraxıldıqdan sonra DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Z.Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Z.Niftəliyev öz adına formal şirkət açaraq "Ata Bank "ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Z.Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "Ata Bank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Humay Eminqızı

Oxşar xəbərlər