Bakıda 10 nəfərin öldüyü partlayış işi: “1 milyon istəyənlər övladları üzərindən alver edir”


  • 12:22

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

“Bizi yanğında, partlayışda günahlandırırlar. Orda yanğın yox birbaşa partlayış olub. Mən oranı icarəyə verirdim. Cavabdeh şəxslər icarəyə götürənlər idi. Vergi ilə bağlı 693 min manatla razı olmasam da, onun ödənişini etmişəm. Ədliyyə Nazirliyinin ekspertizası da təsdiqləyib bu məbləğin doğru olmadığını. Zərərçəkənlərin xərclərini qarşılamışam, rəhmətə gedənlərin də o cümlədən. 1 milyon, 500 min ödəniş istəyib övladları üzərindən alver aparanlar var. Bu ödənişi mən etməməli idim amma etmişəm. Ümid edirəm ki, ədalətli hökm oxunar. İcarəyə verdiyim dövrdə fövqəlada halların qarşısının alınması ilə bağlı daha əvvəl tədbirlər görmüşük, yanğın balonları və s. Bir daha qeyd edirəm ki, yanğın olsa idi, bir neçə nəfər qaça bilərdi, amma bu birbaşa partlayış olub. Müqavilə üzrə də yanğına sex rəisləri cavabdehdir. Hadisə baş verəndə mən Bakıda deyildim. Daha əvvəl də vergi yoxlamaları aparılıb. Amma heç bir irad edilməyib”, - Tağı İbrahimov bildirib.

Toğrul Rzayev bildirib ki, yanğına cavabdeh şəxs o olmayıb. Bununla bağlı təlimatlandırma, akt və s. tərtib edilməyib: “Mən Türkiyədə təhsil alırdım. Zavod ərazisində restoran açılacaqdı, o məqsədlə Azərbaycana gəldim. Daha sonra restoran işi ləğv edildi. Mənim vəzifəm orada icarə pullarını yığmaq və çıxan sexləri siyahıya almaq olub. Pulların yığılması ilə 3 il məşğul olmuşam. Həftədə 4 dəfə daimi iş kimi sexə gəlirdim. Bunun qarşılığında 1000 manat maaş almışam. Partlayış olan gün mən Naxçıvanda olmuşam. Prokurorluğa da öz istəyimlə getmişəm. Qeyd edim ki, "Bakı Ağac Emalı" ASC özü heç nə istehsal etməyib icarə verib”.

Daha sonra Tağı İbrahimovun vəkili vəsatətlə çıxış edərək yanğın təhlükəsizliyi və partlayışla bağlı ekspertizanın yenidən aparılmasını xahiş edib: “Yanğın təhlükəsizliyi, partlayışla bağlı metadalogiya, labaratoriya nəticələri ekspert rəyində göstərilməyib. Alovlanmanın mənbəyi qeyd edilməyib. Qeyd edim ki, o partlayışın baş verməsi üçün 430-600 dərəcə istilik lazımdı. Modern hesablama yoxdur, elmi natamamlıq var. Buna görə də ekspertizanın yenidən təyin edilməsini istəyirik”.

Bundan əlavə vəkil vergi hesablamaları ilə bağlı ekspert rəyiinin yenidən aparılmasını xahiş edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Eləcə də Tağı ibrahimovun böyrəklərində çatışmazlıqla bağlı tibbi arayış məhkəməyə təqdim edilib.

Daha sonra zərərçəkmiş Zərər Quliyev mülki iddianın ödəndiyini bildirib.

Məhkəmənin növbəti iclası 29 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər