Mənimsəmədə təqsirləndirilən sabiq baş mühasibin məhkəməsi keçirildi


  • 13:27

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yenilənməsi məsələsinə baxılıb.

Məhkəmə yerində müşavirə ilə qərar verib və vəsatət təmin edilməyib.

Daha sonra məhkəmə istintaqı yekunlaşdırılıb.

Zərərçəkmiş şəxsin vəkili çıxışında bildirib ki, dövlət ittihamçısı yüngül cəza istəyib və zərər qarşılanmayıb. O hökm zamanı mülki iddianın təmin edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 29 oktyabr tarixinə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Samirə Zeynalovanın ittiham olunduğu 179.4-cü maddə üzrə təqsirli bilinməsini və ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif etmişdi.

Qeyd edək ki, ittihama görə, Samirə Zeynaova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.

Humay Eminqızı

Oxşar xəbərlər