- 19:01
Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid qismində dindirilən Əzizə Seyidovanın qaynanası Pəricahan Seyidova ifadəsində bildirib ki, oğlu ilə gəlini qısqanclıq səbəbindən tez-tez mübahisə ediblər: “Oğlum onu çox istəyirdi, gəlinim də eləcə. Aralarında qısqanclıq zəminində tez-tez dava-dalaş olurdu. Bununla əlaqədar Əzizə bəzən anasının evində qalırdı. Bir neçə dəfə boşanmaq istəsələr də, sonradan fikirlərindən daşınıblar. Hadisəni eşidəndə inanmadım. Bir dəfə gəlinimlə oğlumun dolabında siçan dərmanı tapmışdım. Evimizdə heç vaxt siçan olmayıb. O dərmanın hansı məqsədlə alındığını bilmirəm. Tapanda heç kimə heç nə demədən atdım.”
Təqsirləndirilən S.Əzizə siçan dərmanından xəbəri olmadığını bildirib.
Mərhum Əli Seyidovun qardaşı ifadəsində bildirib ki, axşam evdə oturarkən çöldən səslər eşidib, lakin hadisə anında heç nəyə şahid olmayıb. O, həmçinin Əzizənin tez-tez anasının evində qaldığı faktını da təsdiqləyib.
Mərhumun hüquqi varisi qismində məhkəmədə iştirak edən atası Yaşar Seyidov barışığın əldə olunmadığını bildirib.
Vəkillər Mehdi Məmmədovun bacısı Mehinin məhkəmədə dindirilməsini istəyib.
Şahid İbrahim İmaməliyev mərhum Əli Seyidovun dostu olduğunu bildirib: “Martın 15-də Əli mənə zəng etdi. Mən evdə idim. Dedi ki, hamama gedək. Dedim, işim var, iki saatdan sonra gedərik. Sonra mağazanın yanında görüşdük. Yolüstü Fazili də götürdük və şəhərə getdik. Hamama getmək qismət olmadı. Yolda pivə aldıq. Təxminən axşam saat 11–12 arası “Malikanə” restoranına getmək qərarına gəldik. Əliyə çoxlu zəng gəlirdi. Elə başa düşdüm ki, zənglər evdən gəlirdi, uşaqlarla bağlı danışırdı. Bir müddət sonra dedi ki, mən gedim evə, uşaqları aparmalıyam. Beləcə, Əli ilə sağollaşıb ayrıldıq. Təxminən 20–30 dəqiqə sonra öyrəndim ki, onu vurublar.”
Məhkəməyə dəfələrlə çağırılsa da, iclaslarda iştirak etməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Məhkəmənin növbəti iclası 3 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, ittihama görə, hadisə 2023-cü il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Humay Eminqızı