- 16:50
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Ceyhun Bayramov bildirib ki, təqsirləndirilən şəxs onun uşaqlıq dostudur: “Hadisə zamanı orada olmamışam. Bizim dost və qonşu kimi çox yaxşı münasibətlərimiz olub. Sonradan eşitdim ki, o, qısqanclıq zəminində həyat yoldaşını öldürüb. Həmin xanım haqqında da indiyədək heç vaxt pis bir söz eşitməmişəm. Onlarla eyni məhəllədə yaşamışıq, amma gəlini heç vaxt görməmişəm. Aralarında hər hansı münaqişə və ya problem barədə də məlumatım olmayıb. İçkiyə meyilli insan deyildi, yalnız toy və bayramlarda içərdi”.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxsin anası bildirib ki, oğlu 2009-cu ildə Sevinc adlı xanımı ailəyə gəlin gətirib: “Gəlin böyük-kiçik yerini bilmirdi. Düşünürdüm ki, yaşı azdır, gələcəkdə düzələcək. Oğlumla gəlinimin arasında vaxtaşırı münaqişələr olurdu. Oğlumun Elnur adında uşaqlıq dostu var idi, çox yaxın idilər, evə gəlib-gedirdi. Eşitdiyimə görə, oğlum evdə olmayanda gəlin qapını açıb Elnuru içəri buraxıb. Demirəm ki, aralarında münasibət olub, sadəcə, şübhələrimi deyirəm. Oğlum ona "zibil atmağa çıxma" deyirdi, amma o, sözə baxmırdı. Bir şübhəli məqam da var idi: Sevinc uşaqları səhər məktəbə aparır, günorta evə gətirirdi. Gələndə dərhal ayaqyoluna girirdi. Bir gün soruşdum, dedi ki, paltar dəyişməyə yerim yoxdur, orada dəyişirəm. Davaların əsas səbəbi bu kimi şübhələr idi. Bir dəfə gəlinin anasını çağırıb dedim ki, "qızın böyük-kiçik yeri bilmir, yalan danışır, qızınla danış". Hadisə parkda baş verib, onlar gəzməyə gedirmişlər. Baş verənləri digər oğlumdan öyrəndim. Bu hadisəni heç cür dəstəkləmirik. Nəvəm Əzizdə əqli gerilik var idi, hər gördüyünü danışırdı. Bir dəfə demişdi ki, "saqqallı kişi bizə gəldi, mənə konfet verdi, evə keçib anamı qucaqladı". Hicab taxmağa gəlincə, oğlum gəlini buna məcbur etməyib”.
İş materiallarında təqsirləndirilənin psixi problemlərinin olduğu qeyd edilsə də, anası bu cür hallarla qarşılaşmadığını bildirib.
Daha sonra ifadə verən 17 yaşlı şahid bildirib ki, hadisə baş verən gün dostu ilə parkda oturub: “Kiminsə köməyə səsləndiyini eşitdim. Səsin gəldiyi tərəfə qaçanda gördüm ki, bir qadın yerdə uzanıb. Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun qoluna zərbə endirirdi. Sonra bıçağı yerə atdı. Qadın yerdə can verirdi. Dərhal təcili yardıma zəng etdik, gələn həkimlər qadını aparıblar”.
Təqsirləndirilən Natiq Məhərrəmov isə ifadəsində bildirib ki, hadisəni törətməzdən əvvəl ətrafa baxaraq yaxınlıqda uşaq olmadığından əmin olub: “İstəmirdim ki, hansısa uşaq bu hadisənin şahidi olsun, travma alsın”.
Məhkəmənin növbəti iclası 26 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, 35 yaşlı N.Məhərrəmov Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən parkların birində həyat yoldaşı 39 yaşlı S. Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.
Humay Eminqızı