- 16:50
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibində dəyişikliklə əlaqədar məhkəmə istintaqı yenilənib.
Belə ki, hakim Anar Sadıqovun yerinə tərkibə Vüqar Quliyev daxil olub.
Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs iş üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxsə ifadə üçün söz verilsə də, o, əvvəlki icraata verdiyi ifadəni təsdiq edərək yenidən ifadə vermək istəməyib.
Məhkəmədə səsləndirilən ifadələrdən məlum olub ki, tərəflər arasındakı mübahisəyə Elşən Rzayevə məxsus avtomobili Bəyiş Quliyevin idarə etdiyi vaxt baş verən qayda pozuntusu səbəb olub. Həmin qayda pozuntusuna görə cərimə avtomobilin sahibinin - Elşən Rzayevin adına yazılıb. Bundan bir neçə gün sonra dostlar görüşərək aralarındakı anlaşılmazlığı həll etməyə çalışıblar, lakin bu, mümkün olmayıb. Elşən Rzayevin sözlərinə görə, mübahisə zamanı qarşı tərəf ona qarşı nalayiq ifadələr işlədib, o da əsəbiləşərək Bəyiş Quliyevə iki bıçaq zərbəsi endirib.
Məhkəmənin baxış iclası 12 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki,hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub. Onun barəsində CM-nin 120.2(qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı