Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı təqsirləndirilənlərə cəza istənildi


  • 16:20

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə mülki iddialara baxılıb.

Partlayış və ya yanğın nəticəsində dəymiş ziyan qarşılığında Mülki iddiaçılar - Ruslan Cəfərov 43 min, Xalid Abdullayev 75 min, Anar Nuriyev 35 min və daha bir iddiaçı 98 min tələb edib.

Məhkəmə mülki iddiaları icraata götürüb.

Sənədlərin tədqiqindən sonra məhkəmə istintaqı yekunlaşıb və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxışında bildirib ki, Tağı İbrahimov vergi borcunu ödədiyinə görə ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 213.3-cü maddəsi üzrə işə xitam verilsin, həmçinin Tağı İbrahimovun 9 il, Toğrul Rzayevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsinə dair cəza təyin edilsin.

Vəkil yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ağır olduğunu bildirib və müdafiə çıxışı üçün əlavə vaxt istəyib.

Məhkəmənin növbəti iclası 12 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər