- 17:58
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmə təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası noyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.
Onu da qeyd edək ki, Aslan Nuri azyaşlı körpəsinin gözü qarşısında qətlə yetirilib. Hadisədən sonra Amin Nuri qucağında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verib qardaşını öldürdüyünü bildirərək könüllü polisə gedəcəyini deyib.
Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğu bildirilib.
Humay Eminqızı