- 19:09
 
                     
            Bakının Yasamal rayonunda qəsdən adam öldürməkdə ittiham olunan Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilib.
Həbs olunaraq məcburi qaydada məhkəməyə gətirilən Nihad Abbaslı ifadəsində bildirib ki, təqsirləndirilən şəxsi mərhum Azər İbrahimov vasitəsilə tanıyıb: “Hadisədən iki gün əvvəl mən, Təbriz, Cavid və Azər Cavidin evində toplaşmışdıq. Azər Təbrizdən 50 manat istəyirdi. Narkotik maddəni yalnız Cavid istifadə etmişdi. Hadisə günü isə mənə zəng edib kafeyə çağırdılar, amma getmədim. Axşam radələrində Azər mənə zəng edərək dedi ki, Təbrizlə aramızda söz çəp gəlib. Hadisə yerində olmamışam və heç kimi öldürməmişəm”.
Təqsirləndirilən isə öz növbəsində bildirib ki, kafedən Azərlə birgə çıxıb, Nihad hadisə yerinə sonradan gəlib: “Qatil Nihaddır, bunu gözümlə görmüşəm”.
Azərin atası da oğlunun ölümündə Nihad Abbaslını ittiham edib.
Dövlət ittihamçısı isə təqsirləndirilənə sual verib: “Əvvəlki məhkəmə proseslərində iş üzrə tapılan bıçağın sənə aid olmadığını bildirmişdin. Bəs Nihad öldürübsə, bıçağın sənə aidiyyatı yoxdursa, onun yerini niyə sən bilirsən?”
Təqsirləndirilən sualın konkret cavabını verməyib.
Vəkil Sənan və Səbuhi adlı şəxlərin məhkəmədə şahid qismində dindirilməsini istəyib. Nihad Abbaslı da yenidən məhkəməyə gətiriləcək və onun anten məlumatları vasitəsilə hadisə zamanı harada olduğu müəyyənləşdiriləcək.
Məhkəmənin növbəti iclası 5 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib. Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Humay Eminqızı