Məhkəmə Samirə Zeynalova ilə bağlı qərar verdi


  • 12:17

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib:

Vəkil bildirib ki, Samirənin himayəsində dörd azyaşlı övladı var və o, onlara tək baxır, çünki yoldaşı vəfat edib. Onun sözlərinə görə, Samirənin iki övladı ağır xəstədir, hazırda uşaqlara müvəqqəti himayəlik edən anası isə ankoloji xəstəlikdən əziyyət çəkir.

Təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmə müşavirəyə gedib və hökm oxunub.

Hökmə əsasən S.Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin ittiham olunduğu 308.2-ci maddə ittihamdan xaric edilib. 313-cü maddə üzrə cəlbetmə müddəti bitdiyi üçün ona bu maddə üzrə cəza təyin edilməyib.

Xatırladaq ki, dövlət ittihamçısı S.Zeynalovanın ittiham olunduğu 179.4-cü maddə üzrə təqsirli bilinməsini və ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif etmişdi.

Qeyd edək ki, ittihama görə, S.Zeynaova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

S.Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.

Humay Eminqızı

Oxşar xəbərlər