Səmərəli məhkəmə prosesi modeli necə olmalıdır? - Hakim yazır...


  • 14:28

Müasir dövrdə məhkəmə hakimiyyətinin nüfuzunu və ədalət mühakiməsinin keyfiyyətini müəyyən edən əsas meyar, məhz onun səmərəliliyi, şəffaflığı və müasirliyidir. Qlobal miqyasda rəqəmsallaşma, hüquqi innovasiyalar və ictimai etimadın artması məqsədilə bir çox ölkələrdə məhkəmə sistemləri yenilənir.

Hazırda Respublikamızda bu istiqamətdə həyata keçirilən mühüm addımlar - elektron məhkəmə sistemi, işlərin avtomatik bölgüsü, məhkəmə infrastrukturunun modernləşdirilməsi kimi islahatlar səmərəli məhkəmə prosesinin əsas dayaqlarını formalaşdırır. Səmərəli məhkəmə prosesinin anlayışı və mahiyyəti dedikdə yalnız işlərin sürətli baxılması deyil, həm də məhkəmədən gözləntilərin ədalətin əlçatan, keyfiyyətli və şəffaf şəkildə təmin olunmasıdır. Mülki prosessual qanunvericiliyin əsas prinsiplərinə görə, ədalət mühakiməsinin məqsədi hüquqların müdafiəsi, bununla yanaşı müdafiənin vaxtında, obyektiv və müasir texnologiyalarla təmin edilməsidir. Prosessual səmərəliliyin əsas göstəriciləri dedikdə bura prosessual müddətlərin optimal idarə olunması, hakimlərin qərar keyfiyyətinin sabitliyi, iclasların təşkilində şəffaflıq və balansının gözlənməsi, elektron idarəetmənin tətbiqi ilə operativliyin təmin olunması bura daxildir.

Səmərəliyi təmin etmək üçün əsas amillər kimi məhz - prosesin zamanında planlaşdırılması, işin düzgün hazırlanması, prosesin nəzarətini əlində saxlayan hakimin aktiv prosessual rəhbərliyi, o cümlədən tərəflərin prosessual intizamı çox önəmlidir. Həmçinin əsas göstəricilərdən biri kimi “ağlabatan müddət” meyarı zəruri anlayışdır.

Səmərəli prosesin qurulmasının əsas məqsədi ədalətin bərpası ilə yanaşı, məhkəmənin iş yükünü azaltmaq, tərəflərin təqdim etdikləri sübutların vaxtında toplanması, məhkəmə araşdırmasının şəffaf və obyektiv həyata keçirilməsidir. Hər bir səmərəli prosesin sonu keyfiyyətli və ədalətli bir nəticədir. Təbii ki, gecikmiş ədalət - ədalətsizlikdir, yəni əgər proses uzanır və ədalət gecikirsə bu artıq ədalətin səmərəsiz və nəticəsiz olmasıdır. Bu istiqamətdə istənilən nəticənin əldə edilməsi məhkəmə prosesində müasir idarəedilmə mexanizmlərinin tətbiqi və təşfiqidir. Bu məqamda məhz Elektron məhkəmə sisteminin mövcudluğu böyük əhəmiyyət daşıyır.

“Elektron məhkəmə” platforması sənədlərin təqdimindən qərarın elanına qədər bütün mərhələlərdə şəffaflığın əsas təminidir. Daxil olan işlərin hakimlər arasında avtomatik qaydada bölgüsü və onlar arasında ixtisaslaşmanın aparılması da xüsusi önəmli məqamlardandır. Hakimlərin iş bölgüsü sistemi məhkəmə hakimiyyətinin müstəqilliyini qoruyur və təsadüfi seçim prinsipi əsasında məhkəmə sisteminə etimadı gücləndirir. Gələcəkdə bu sistemin sahəvi meyarlara məsələn, ailə, kommersiya, əmək və sair üzrə tam ixtisaslaşması bu səmərəliliyi daha da artırmaq prespektivinə malikdir.

Məhkəmə iclaslarının təşkili təkcə prosessual deyil, həm də kommunikativ mədəniyyət məsələsidir. Hakimin prosesdə davranışı, çəkişməli prosesin təmin olunması, tərəflərə bərabər söz imkanı verilməsi və səlahiyyətini təmkinlə idarə etməsi tərəflər arasında ədalətə inam hissini də gücləndirir.

Artıq iclasların audio-video qeydiyyatının məcburi aparılması, tərəflərin iclasda virtual iştirakının mövcudluğu, iclaslarda “prosessual vaxt idarəçiliyi” sisteminin tətbiqi həmçinin məhkəməyə əlçatanlığın da təmin edilməsi deməkdir.

Səmərəliyin təmin olunmasının müsbət maddi-iqtisadi amilləri də mövcuddur. Bu ədalət mühakiməsinin, məhkəmə araşdırmasının az resursla daha çox nəticə əldə etməsini nəzərdə tutur. Xüsusən də sənədlərin elektron qaydada hazırlanması, sənəd mübadiləsinin məhkəmələr və digər dövlət orqanları arasında fasiləsiz və sürətli inteqrasiyası, ötürülməsi, sübutların elektron təqdimatı və təsdiqlənməsi - həm məhkəmənin iş yükünü azaltmaqla, prosesin surətlənməsi, bundan əlavə vətəndaş məmnuniyyəti deməkdir.

Son zamanlarda geniş vüsət alan məhkəmə sistemində analitik hesabatların hazırlanması, hakimlərin qərar sabitliyinin statistik təhlili səmərəliliyin qiymətləndirilməsi və nəticələrin analizi baxımından çox zəruridir.

Xüsusən vahid məhkəmə təcrübəsinin formalaşdırılması düşünürük ki, səmərəli məhkəmə icraatının əsas özüllərindən biridir.

Unutmaq olmaz ki, müasir məhkəmə prosesi yalnız hüquqi prosedurların məcmusu deyil, dəyərlər sistemidir - ədalət, şəffaflıq, səmərəlilik və etimad bu sistemin sütunlarını təşkil edir. Təbii ki, aparılan böyük islahatlar nəticəsində əldə olunacaq rəqəmsallaşma, prosessual intizam və kommunikasiya mədəniyyətinin gücləndirilməsi ilə Azərbaycan Məhkəmə Sistemi daha operativ və müasir modelə çevrilir. Həyata keçirilmiş islahatlar ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətini yüksəltməsinə xidmət etməklə yanaşı, hakim peşəsinin nüfuzunu da möhkəmləndirmək məqsədi daşıyır.

Hazırda tam əminliklə biz məhkəmə araşdırmasının səmərəliyi baxımından müasir çağırışlara cavab verən və bir sıra dünya ölkələri üçün örnək olacaq yeni bir məhkəmə sistemi nümunəsinin - Azərbaycan Məhkəmə Sisteminin yaranmasının qürurla şahidi ola bilərik.

Səidə Məmmədova

Binəqədi Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər