Məşhur restorandakı məclis qanla bitdi - İki dost öldürüldü


  • 15:50

Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.

Şahid Şahmar Bayramov bildirib ki, qardaşı və bir qrup şəxs “Sərin” restoranında toplaşıb və məclisdə münaqişə yaranıb. “Qardaşım Şahin mənə zəng edərək dedi ki, məclisdə söz-söhbət yaranıb. Münaqişənin nə səbəbdən baş verdiyini bilmirəm. Orada yaranan narazılığın həlli üçün tanımadığım şəxs Samiri çağırıb görüşməyi təklif etdi. Maşınla Çapayevə getdik. Bir maşınla getmişdik, maşında dörd nəfər idik - mən, qardaşım, Vüqar və tanımadığım bir şəxs. Əraziyə çatanda Nuranigil tərəfdən aqressivlik hiss etdim. Dava olmasın deyə aralamağa çalışırdım. Dava zamanı bıçaq qardaşımın ürəyinə dəydi. Fəridi vuran şəxsi görməmişəm. Cinayətin predmetinin bıçaq olduğunu deyə bilərəm. Hər hansı silah səsi eşitmədim”.

Mərhumun qardaşı qeyd edib ki, hadisə ilə bağlı hər hansı şəxs barəsində şikayətçi deyil, lakin buna baxmayaraq, tərəflər arasında barışıq əldə olunmayıb.

Mərhum Fərid Əlirzayevin anası şahiddən soruşub ki, əgər o, öz qardaşının qatilini görüb­sə, eyni yerdə olan Fəridin qatilini necə görə bilməyib. Şahid cavabında bildirib ki, qardaşını düz gözünün önündə vurublar, buna görə də həmin anı görüb.

Daha sonra məhkəmə iclasında hadisə yerinə aid videogörüntülər nümayiş etdirilib. Şahid Şahmar Bayramov ifadəsində hadisə yerinə dörd nəfər gəldiklərini bildirsə də, təqdim olunan görüntülərdə sonradan əraziyə bir neçə nəfərin də yaxınlaşdığı əks olunur.

Məhkəmə sədrlik edən hakim bildirib ki, növbəti iclasda bütün şahidlər dindiriləcək.

Məhkəmənin növbəti iclası 24 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İstinaq araşdırıması zamanı bu hadisənin törədilməsində günahkar bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər