- 21:48
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rəşad Bədəlov ifadə verib.
O bildirib ki, Dəniz Kənarı Bulvar İdarəsində və idarənin tabeliyindəki müxtəlif vəzifələrdə çalışıb: “Əvvəlcə Dövlət Bayrağı Meydanının tabeliyində olan müəssisədə iqtisadçı vəzifəsində işləmişəm. Daha sonra həmin müəssisənin direktor müavini təyin olunmuşam. İki il sonra, 2018-ci ildə İlqar Mustafayevin köməkçisi olmuşam, 2019-cu ilin sonunda isə Dəniz Kənarı Bulvar İdarəsinin müxtəlif şöbələrinə rəis təyin edilmişəm. İbtidai istintaq dövründə də bildirmişəm ki, bu işin mənimlə heç bir əlaqəsi yoxdur. Baxılan cinayət işində iştirak etməmişəm. Mənə verilən tapşırıqları yerinə yetirmişəm. İşə tanışlıq vasitəsilə qəbul olunmuşam - anam İlqar Mustafayevin həyat yoldaşı ilə tanış idi. İşlədiyim dövrdə əlavə pul da almışam. Bu vəsait büdcədənkənar maliyyə mənbələrindən ödənilirdi. Lakin vəsaitin yığılması və bölüşdürülməsi ilə bağlı mənim heç bir səlahiyyətim olmayıb. Əvvəllər maaş həm nağd şəkildə, həm də kart vasitəsilə verilirdi. 2017-ci ildən etibarən maaşlar tədricən tam şəkildə kartla ödənilməyə başladı. Vəsaitin mənbəyi barədə məlumatım yox idi və bu barədə soruşmaq səlahiyyətim də yox idi”.
O əlavə edib ki, təqsirləndirilən Fuad Babayevi 2017-ci ildən tanıyır və həmin dövrdə Fuad onun köməkçisi olub.
Daha sonra iş üzrə təqsirləndirilən Fuad Babayev ifadə verib. O bildirib ki, gül təsərrüfatı ilə məşğul olmaq istəyib və bu barədə İlqar Mustafayevə məlumat verib: “İlqar Mustafayev dedi ki, işləmək istəyirəmsə, tenderə qoşulmalıyam. Bunun üçün mən "GİRASOL" MMC-ni yaratdım”.
Dövlət ittihamçısı ondan “Maraş dondurması” və digər sahələrdən niyə pul aldığını soruşub.
F.Babayev cavabında deyib ki, həmin pulların ona niyə verildiyini bilməyib: “Mənə "Maraş dondurması" və digər sahələrdən pullar verilirdi. Həmin vəsaitləri Zamin Xəlilova təhvil verirdim. Sonradan tələbnamə gəlirdi və orada pulun hansı təyinat üzrə xərclənəcəyi göstərilirdi. Biz Türkiyədən tender yolu ilə güllər gətirirdik və bu güllərə dair gömrük bəyannamələri mövcuddur. Dəniz Kənarı Bulvar İdarəsi ilə yanaşı, digər qurumlara da güllər təhvil vermişik. "GİRASOL" MMC ilə idarə arasındakı bütün maliyyə əməliyyatları nağdsız şəkildə aparılıb və vergi orqanları tərəfindən hər hansı yoxlama aparılmayıb”.
Məhkəmənin növbəti iclası 8 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.
Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
Humay Eminqızı