- 3 Noyabr 21:48
Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Mehin Məmmədova ifadəsində bildirib ki, təqsirləndirilən Mehdi Məmmədov onun qardaşıdır. Şahid ifadəsinin əvvəlində vurğulayıb ki, istintaqa düzgün ifadə verməyib və həyəcanlı olub. Məhkəmədə isə bir dəfə ifadə verib, amma o da yalan olub. O bildirib: "Eşitmişdim ki, ölən tərəfin ailəsi təzyiq göstərir, ona görə qorxdum və yalan ifadə verdim. İfadə verəndə ölənin Əzizənin yoldaşı olduğunu bildim. Qardaşımı da tutdular, əsəbləşdim və yalan ifadə verərək, öldürtmək və sifariş etmək kimi cəfəngiyyətlər danışdım. Qardaşım bizə gələndə əli sarğıda, kəsilmiş halda idi. Soruşdum ki, nə olub? O dedi ki, dalaşmışam və əlimdə bakal partlayıb, kəsilib. Mən təqsirləndirilənlərdən qardaşımı və Əzizəni tanıyıram. Əzizəni çox istəyirdim. Qardaşım tutulduğuna görə ona əsəbi idim. Qardaşımla Əzizənin xalası münasibətdə idi, Əzizəni də oradan tanıyıram. Qardaşımla onun xalası küsəndə, barışdırmağa gedəndə, ilk dəfə o zaman görmüşdüm. Mehdi və Əzizə arasında heç bir münasibət olmayıb. İndi verdiyim ifadəni isə təsdiq edirəm".
Daha sonra hakim Roman Ələkbərli ifadələrdəki ziddiyətlərə aydınlıq gətirib.
Məhkəmənin növbəti iclası 1 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, ittihama görə, hadisə 2023-cü il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Humay Eminqızı