Prokuror "Xəzri"nin külli miqdarda pulunu talamaqda təqsirləndirilən şəxsə cəza istədi


  • 12:32

Daxili İşlər Nazirliyinin "Xəzri" istirahət və sağlamlıq mərkəzinə məxsus 379 min manatdan artıq pul vəsaitini post terminallar vasitəsilə ələ keçirib leqallaşdırmaqda təqsirləndirilən Mahir Saadovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Mahir Saadovun 4 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini eləcə də, dəymiş zərərin müvafiq quruma ödənilməsini təklif edib.

Zərərçəkən qurumun nümayəndəsi dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirib.

Təqsirləndirilən şəxsin vəkili çıxışında Mahir Saadovun cinayət işində məcəllənin 271.3-cü və 193-1.3.2-ci maddələri sübuta yetirilmədiyi üçün xitam verilməsini, digər maddənin isə tövsif olunaraq ona yüngül cəzanın təyin edilməsini xahiş edib.

Təqsirləndirilən son söz üçün vaxt verilib.

Məhkəmənin növbəti iclası 19 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Mahir Saadov Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq mərkəzinin külli miqdarda pulunu talamaqda ittiham olunur. İttihama görə, o, həmin müəssisəyə qeydiyyatdan keçən şəxslərin post terminallardan etdiyi ödənişləri "geri qaytar" düyməsini basaraq geri alıb. O, tamah məqsədi ilə, müvafiq qurumun icazəsi olmadan, ümumilikdə 76 bank kartı vasitəsilə 379 min manatdan artıq vəsaiti ələ keçirib və leqallaşdırıb.

Mahir Saadova Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 271.3-cü (Kompyuter sisteminə qanunsuz daxil olma, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Humay Eminqızı

Oxşar xəbərlər