“Avro Qrand” MMC-nin vəzifəli şəxslərinə hökm oxundu


  • 11:37

Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərov, Oqtay Adışov və Xəzər Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsndə hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Xəzər Əliyevin 3 il müddətinə maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə, Xanlar Cəfərovun 3 il müddətinə maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, əvvəlki cəzası toplanılmaqla 11 il müddətinə, Oqtay Adışovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini təklif edib.

Prokuror zərəçəkənlərə dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsinə qərar verilməsini də təklif edib.

Təqsirləndirilən şəxslərin vəkilləri onlara bəraət verilməsini xahiş edib.

Daha sonra məhkəmə müşavirəyə gedib, müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Xəzər Əliyev 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 3 ay 28 gün, Xanlar Cəfərov 3 il dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il , Oqtay Adışov 1 il 3 ay 28 gün müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.

Mülki iddia qismən təmin edilib.

Qeyd edək ki, ittihama görə, hər 3 şəxs əlbir olaraq ev satmaq adı ilə 3 nəfər zərərçəkənin ümumilikdə 139 min manata yaxın pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər.

Məhkəmə istintaqı zamanı dəymiş ziyandam 32 min manatı zərərçəkənlərə ödənilib.

Xanlar Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib. Xanlar Cəfərov bundan əvvəl də məhkum olunub. O, sonuncu dəfə ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Xanlar Cəfərov, Xəzər Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə, Oqtay Adışova qarşı isə Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham olunub.

Humay Eminqızı

Oxşar xəbərlər