- 16:08
Sumqayıtda ana və qızına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Vahid Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V.Cavadov 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.
Qeyd edək ki, V.Cavadov məhkəmədə ifadəsində deyib ki, əvvəllər ofisiant işlədiyi kafedə zərərçəkmiş şəxs və qızının kafedə oturub çay içirdiklərini görüb. Zərərçəkmiş şəxs içərisində pul kisəsi görünən göy rəngli çantasını yerə qoyub, həmin pul kisəsinin içində pul olduğu aydın görünürmüş. Kafenin ofisiantı İlkindən həmin qadının kirayə ev axtardığını öyrənib, İlkin ona qadına bu işdə kömək etməsini və beləliklə, xidmətinin qarşılığında 400-500 manat ala biləcəyini bildirib. Bundan sonra zərərçəkmiş şəxsə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində kirayə ev tapa biləcəyini ona deyib, həmin əraziyə birlikdə gediblər. Ehtiyacı olduğu üçün həmin pulu götürüb və oradan qaçaraq uzaqlaşıb. Pul kisəsinin içərisində 4500 manat pul olub. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib və onunla barışıb. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirib ki, pulu götürüb oradan uzaqlaşaraq həmin kafedə ofisiant işləyən İlkinin evində gizlənib. Bundan sonra həmin kafenin sahibi Mehman ona zəng edərək pulunu oğurladığı şəxsin onun qohumu olmasını və pulu sahibinə qaytarmasını bildirib. O, Mehmana harada olduğunu deyib, bundan sonra Mehman İlkinlə birlikdə onun olduğu yerə gəlib və pulu onlara təhvil verib.
Şəbnəm Mehdizadə