Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi: "Dedim pulu sənə faizi ilə qaytaracam"


  • 12:55

Dələduzluqda təqsirləndirilən Ramin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı iittiham aktını elan edib.

İttihama görə, R.Quliyev dələduzluq yolu ilə Aynurə Vəliyevanın 110 min manatını, Aybəniz Abdullayevanın 75 min 500 manatını, eləcə də Vüqar Qasımovun 15 min manatını mənimsəyib.

R.Quliyev özünü təqsirli bilməyib.

O bildirib ki, Aynurə Vəliyevanı 2016-cı ildən tanıyır: “Yaxın münasibətimiz olub, bu münasibətdən 1 azyaşlı övladımız da var. Rəsmi olaraq uşağın atası deyiləm. Xanımın Nərimanovda evi var idi, satıb pulunu banka qoyacaqdı. Mən də ona təklif etdim ki, məbləği mənə versin, daha sonra mən ona faizlə qaytarım. Həmin məbləği tikinti materiallarının alqı-satqısı üçün götürmüşdüm. Sözügedən materialları bazardan alırdım və şirkətə satırdım. Lakin işim alınmadı. Əgər ev dustaqlığına buraxılsam, dəymiş zərəri ödəyəcəyəm”.

Qeyd edək ki, məhkəmə araşdırması zamanı sözügedən fəaliyyətlə bağlı təqsirləndirilən şəxsin vergi ödəmədiyi də məlum olub.

İş üzrə zərərçəkmiş Aynurə Vəliyeva ifadəsində bildirib ki, övladı autizm, özü isə xərçəng xəstəliyindən əziyyət çəkir: “2022-ci ilin sonlarında xərçəng xəstəsi olduğumu öyrəndim. Dırnaq ustası işləyirdim. Lakin xəstəlik aşkar olunduqdan sonra artıq işləyə bilməyəcəyimi anladım. Düşündüm ki, evi satım, pulu banka qoyum. Sonra Ramin mənə dedi ki, pulu ona verim. O, mənə 6 faizlə qaytaracaq. Pulların hara gedəcəyini soruşanda Qarabağdakı layihə ilə əlaqədar materiallara xərcləyəcəyini bildirdi. 2022-ci ilin noyabr ayında övladımın xəstəliyi ilə əlaqədar Türkiyəyə getməli oldum. Raminə dedim ki, o pula etibar edib gedirəm. Yanvar ayında Raminə dedim ki, uşağa görə pul lazımdı. O, pulu verməmək üçün müxtəlif bəhanələr gətirdi. Hazırda müalicə xərclərinə görə ənim özümün 48 min 200 dollar borcum var. Evi 115 minə satıb, məbləğin 110 min manatını ona vermişdim. Digər zərərçəkmiş şəxs isə anamdır".

Digər şahidlərin dindirilməsi ilə əlaqədar məhkəmənin növbəti iclası 12 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, Ramin Quliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Ümumi zərər 186 min 500 manat müəyyən edilib.

Humay Eminqızı

Oxşar xəbərlər