- 15:37
Bakıda bir qrup vətəndaşa qarşı "TikTok" platformasında "Daşqın əmlak ofisi" adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Daşqın Məmmədov barəsində cinayət işinin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, iş üzrə 40 nəfər zərərçəkmiş var.
M. Daşqının vəkili vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxs azadlıqda olduğu halda zərərçəkmişlərə dəymiş ziyanı ödəyə bilər. Buna görə də vəkil təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.
Zərərçəkmiş şəxslər vəkilin vəsatətinə etiraz etməyiblər.
Bəzi zərərçəkmişlərin sözlərinə görə dəymiş zərərin bir qismi ödənilib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə qismən təqsirli bilib.
Məhkəmə qərarı ilə ilk növbədə təqsirləndirilən daha sonra zərərçəkmişlər və şahidlər dindiriləcək.
Təqsirləndirilən hazırki məhkəmə iclasında deyil növbəti məhkəmə iclasında ifadə vermək istədiyini, hazırlıqsız olduğunu deyib.
Məhkəmənin növbəti iclası 10 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkət külli miqdarda vəsaitlərini mənimsəyib.
Təqsirləndirilən Daşqın Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 ci maddəsi üzrə cinayət işi açılıb.
Humay Eminqızı