- 14:21
Bu gün Ali Məhkəmədə rüşvət müqabilində ədalətsiz qərar çıxarmaqda ittiham olunan sabiq hakim İlyas Mahmudovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, İlyas Mahmudovun cəzası 9 ildən 6 ilə endirilib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. İlyas 9 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, 2008-2019-cu illərdə Sumqayıt şəhər Məhkəməsinin hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilərəkdən ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edərək almasına, bununla əlaqədar bilərəkdən 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.
Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı