- 16:01
Atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Xəyalə Kərimova Muradın xalası olduğunu bildirib.
“Bacımın səsini eşitdim, dedim yəqin Muradı epilepsiya tutub. Gələndə gördüm ki, Murad yerə yıxılıb, başı qan içindədir. Atası da yerdədir. Muradı xəstəxanaya yoldaşım apardı. O yaxşı uşaqdır, əsgərlikdə belə oldu. Ailəsi ilə arası yaxşı idi”, - şahid bildirib.
Daha sonra təqsirləndirilənin qardaşı Fuad Əmirov ifadəsində bildirib ki, qardaşı ilə eyni həyətdəki başqa evdə qalırdı. O bildirib ki, qardaşı epilepsiya xəstəsi idi: “Qardaşım 2 gün yaxşı, 2 gün pis olurdu. Bu onun xəstəliyi ilə bağlı idi. Atam da yaxşı kişi idi, amma əsəbi biri idi. Muradın atası ilə münasibəti biraz gərgin idi. Murad yoldaşını döydüyü üçün ailələri dağılıb. Hadisə olanda mən rayonda idim. Qayıdanda atamın yanına, xəstəxanaya gəldim. Hansı normal insan atasını öldürər ki? O, xəstədir”.
Dindirilməyən şahidlər arasında keçmiş həyat yoldaşı Mehriban Əmirovanın da olduğunu eşidən Murad onun dindirilməsinə etiraz edib və məhkəməyə gəlməsini istəməyib: “Mehriban gəlsə, yaxşı şeylər olmayacaq burda! ”
Məhkəmə qərarı ilə Mehriban Əmirovanın məhkəmə zalında dindirilməyəcək, onun istintaqda verdiyi ifadə elan edilmiş hesab edilib.
Digər şahidlərin dindirilməsi ilə əlaqədar məhkəmənin növbəti iclası 18 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.
1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.
M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Humay Eminqızı