Bacısının keçmiş ərinin üzərinə benzin töküb yandırmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verdi


  • 17:09

Bakıda bacısının keçmiş ərinin üzərinə benzin töküb yandıran Məhərrəm Hüseynzadənin məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

"Gecə Nərimanovda dostlarımla oturmuşdum. Atamın telefonuna bacım zəng edərək bildirdi ki, Zəhmət evə gəlib səs-küy salır. Mən də dərhal maşına minib evə gəldim. Gördüm ki, qonşular çölə yığışıblar. Zəhmətin səsi gəlirdi, amma özünü görmürdüm. Qışqırırdı ki, övladlarımı mənə vermirlər. Yaxınlaşıb qolundan tutdum və soruşdum ki, niyə əsəbisən? Dedi ki, övladlarımı öldürmüsünüz. Cavab verdim ki, uşaqlar evdədir. Onu evə aparıb uşaqları göstərdim. Uşaqların otağına keçdi və onları görəndə kövrəldi. Sonra birlikdə maşına oturduq. Qonşuları narahat etmişdi deyə, maşına minəndə elə bildi ki, qonşulardan kimsə onu təhqir edib. Maşına atam da mindi, amma Zəhmət onun düşməyini istədi. Hətta qonşunun da maşına əyləşməsinə icazə vermədi. Yola düşdük. Zəhmət birdən qapını açdı. Mən maşını saxladım. Qaçmağa başladı və dedi ki, qonşulardan biri məni təhqir edib, gedirəm cavabını verməyə. Mən onu sakitləşdirdim və yenidən maşına oturtdum. Dedi ki, yanacaqdoldurma məntəqəsinə sür. Orada əvvəlcə benzin dolduracağını, sonra da evdə ona benzin lazım olduğunu dedi. Yanacaq vuruldu. O isə iki dəfə özünün üzərinə benzin tökdü - birinci dəfə şlanqdan, ikinci dəfə isə biz maşına qayıdanda. Mənə dedi ki, sən demisən məni yandıracaqsan. Şoka düşdüm. Qolundan tutub yaxınlaşanda birdən alovlandı. Onu söndürdüm. Mən onun üzərinə maşın sürməmişəm, sadəcə maşını yaxınlaşdırmışam ki, əyləşsin. Alovlananda qışqırırdı ki, qayınım məni yandırıb, kömək edin", - deyə o bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi - anası təqsirləndirilən şəxsə üz tutaraq bildirib: "Oğlum sizə gəlib səs-küy salanda niyə mənə zəng etmədiniz? 28 gün xəstəxanada oğlum zülm çəkdi. Deyirdi ki, uşaqları istəmişəm, göstərməyiblər".

Daha sonrazərəçəkmişin xəstəxanada olduğu müddətdə çəkilən izahat videosu nümayiş etdirilib. Videoda mərhumun ağır yanıq xəsarətləri aldığı aydın görünür. O, izahatında Məhərrəmin onu alışqanla yandırdığını bildirib.

Təqsirləndirilənin atası Nurəddin Hüseynov ifadəsində deyib ki, oğlu ona zəng edərək Zəhmətin özünü yandırdığını, paltar götürüb xəstəxanaya gəlməsini istədiyini bildirib.

Məhkəmənin növbəti iclası 1 dekabr tarixinə təyin edilib.

İttiham aktına əsasən, bu il mayın 29-u gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, Məhərrəm Hüseynzadənin bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda oraya gələrək, səs-küy yaradıb. Bina sakinləri narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə "BMW" markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

Humay Eminqızı

Oxşar xəbərlər