- 25 Noyabr 19:05
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib.
Şahid Elyar İbrahimov bildirib ki, təqsirləndirilən şəxsi qonşu və bənna kimi tanıyıb: “Hadisənin ertəsi gün eşitdim ki, qonşumuz həyat yoldaşını qətlə yetirib. Soruşanda dedilər ki, hadisə qısqanclıq zəminində baş verib. Mərhumun qısqanclığa səbəb ola biləcək heç bir davranışını görməmişəm. Natiq əvvəllər içkiyə meyilli idi, sonradan namaz qılmağa başladı”.
Təqsirləndirilən şəxs məhkəmədə şahidin Ceyhun və digər şəxslər üçün blokun qapısını açdığını iddia edib. O, həmçinin mərhumun hüquqi varisi - qardaşına müraciət edərək bacısının avtomobildə zorlandığını iddia edib.
Tərəflər arasında məhkəmə zalında yaranan gərginlik səbəbindən proses 17 dekabr tarixinə təxirə salınıb.
Qeyd edək ki, 35 yaşlı N.Məhərrəmov Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən parkların birində həyat yoldaşı 39 yaşlı S.Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.
Humay Eminqızı