"İnam Kərimovun vəkillərin qaldırdığı məsələlərə yanaşması məhkəmə islahatlarına inamı artırdı"


  • 16:29

Bu gün Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Elxan Süleymanlı bildirib.

Onun sözlərinə görə, 3 saatdan artıq davam edən görüşdə hüquq sisteminin inkişafında vəkilliyin və məhkəmə sisteminin qarşısında duran vəzifələr, mövcud problemlər və onların həlli yolları geniş müzakirə olunub.

"Ali Məhkəmənin sədri cənab İnam Kərimovun iştirakçılara səmimi münasibəti, dialoqa açıqlığı, sadəliyi, obyektiv qiymətləndirmə bacarığı və dinləmə qabiliyyəti məndə ona qarşı xüsusi rəğbət oyatdı. Onun hər bir qaldırılan məsələyə diqqətlə yanaşması məhkəmə sistemində aparılan müsbət yönümlü islahatların daha böyük uğur qazanacağına dair inamımı artırdı.

Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov vəkilləri narahat edən məsələlərlə bağlı Ali Məhkəmənin sədrinə, eləcə də görüşdə iştirak edən kollegiya və məhkəmə sədrlərinə və hakimlərə ətraflı və dolğun məlumat verdi. Görüşdə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, kollegiya sədrləri Sənan Hacıyev, Kəmalə Abıyeva və Hafiz Nəsibov aparılan islahatlar, görülən işlər və onların nəticələri barədə geniş çıxış etdilər", - deyə vəkil qeyd edib.

E.Süleymanlı deyib ki, görüş zamanı vəkillər məhkəmə prosesinin şəffaflığının artırılması, iddia ərizələrinin keyfiyyətli tərtibi, qanunçuluq sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi, Ali Məhkəmə hakimlərinin iştirakı ilə keçirilən treninqlərin və digər tədbirlərin sayının artırılması istiqamətində təklif və mülahizələrini bildirdilər.

"Demokratik və səmimi şəraitdə keçən bu görüşdə 3 saatdan artıq vaxtın necə keçdiyini hiss etmədim. Belə görüşlərin mütəmadi keçirilməsi qərara alındı və əminəm ki, bu qərar həm hüquq sisteminə, həm də ümumilikdə dövlətçiliyimizə yalnız fayda gətirəcək. Görüşdən son dərəcə müsbət təəssüratla ayrıldım", - deyə vəkil qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər