- 12:09
"Bir sıra media subyektlərində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun guya cinayət törətməyən şəxs barəsində ittiham hökmü çıxarılması barədə yayılmış məlumat həqiqəti əks etdirmir.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsindən bildirilib.
Bildirilib ki, cinayəti törədən, barəsində həbs qətimkan tədbiri seçilən və ittiham hökmü çıxarılan şəxs fiziki olaraq Allahverdi Musa oğlu İsgəndərovdur. O həbs edilərkən ödənilməmiş məhkumluğu olduğu üçün qəsdən qardaşının anket məlumatlarından istifadə edib.
"Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə iş üzrə məhkəmə hökmü ləğv edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılıb, şəxsin barəsində həbs qətimkan tədbiri qüvvəsində saxlanıb və təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi üçün Ağır Cinayətlər Məhkəməsindən ilkin istintaqı aparmış quruma qaytarılıb. Hazırda həmin şəxs həbsdə saxlanılır, onun barəsində cinayət işi yenidən məhkəməyə veriləcək. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvafiq cinayət işinin ibtidai araşdırması üzrə məsul şəxslər barəsində də xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə istintaq qurumuna göndərilib", - deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə