- 12:09
“Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində 28 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiyaya düşüb həyatını itirməsi ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başlayıb.
E-huquq.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, eləcə də, təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilib.
Azər Cümşüdovun vəkili bildirib ki, o işə dünən qoşulduğu üçün cinayət işinin materialları ilə tanış deyil. Vəkil deyib ki, bəzi sübutların çıxarılması və ya əlavə olunması ilə bağlı vəsatətlər də yalnız hazırlıq iclasında verilə bilər. Bu səbəbdən vəkil məhkəmədən iclasın təxirə salınmasını xahiş edib.
Azər Cümşüdov da vəkili ilə razılaşıb.
Məhkəmənin hazırlıq iclası 9 dekabr təxirə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Humay Eminqızı