- 12:09
Dövlətə 1, 6 milyon manat dəyərində zərər vurmaqda və müğənni Dəniz Əsədovaya qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkən kimi tanınan və hazırda həbsdə olan muğənni Dəniz Əsədova şahid qismində ifadə verib.
Müğənni məhkəmədə ifadəsi zamanı Rauf İsfəndiyarov tərəfindən zərər görmədiyini və bu işdə digərlərinin dolayı yolla təqsirinin olduğunu vurğulayıb. O, məhkəmədəki ifadəsi zamanı ibtidai istintaqdakı ifadəsindən fərqli olaraq qeyd edib ki, Rauf İsfəndiyarova verdiyi 59 min 500 manatı rüşvət qismində və yaxud hər hansı bir sənədləşmə prossesi üçun yox borc kimi verib.
Məhkəmənin növbəti iclasında müğənni ifadəsini davam edəcək.
Növbəti iclas 25 dekabr tarixinə təyin edilib
Qeyd edək ki,sabiq baş həkim muğənninin şikayəti əsasında saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilsədə məhkəmə prosesinin gedişində Rauf İsfəndiyarov ev dustaqlığına buraxılıb. Zərərçəkən muğənni isə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək həbs olunub və barəsində cinayət işi açılıb.
Sabiq baş həkimlə bağlı İttiham aktında qeyd olunub ki, Rauf İsfəndiyarov Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından başlayaraq 2017-ci ilin may ayınadək olan müddətə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.
Bundan başqa, Rauf İsfəndiyarov Bakıdakı 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
İstintaqla müəyyən edilib, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək 136 şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaiti mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərinin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.
Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı