- 16:28
Buzovnada qonşusunu öldürməkdə, onun arvadı ilə oğlunu yaralamaqda təqsirləndirilən İnşallah Hacıyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.
Şahid Etiqad Hacıyev təqsirləndirilən şəxsin atası olduğunu bildirib: "Yoldaşlarla oturmuşdum, oğlum gəldi və dedi ki, qabağımı kəsiblər, səni çağırırlar. Durdum, oğlumla getdim. Çatanda qarşı tərəfdən nə baş verdiyini soruşdum. Elə o an üzərimə gəldilər. Uşağımın gözü qabağında məni döydülər. Qan içində idim, burnumu qırmışdılar, İnşallahın başı isə yarılmışdı. Huşum gedirdi, oğlum məni qoluna alıb evə gətirdi. Sonra oğlum evdən çıxdı. Səslər gələndə çölə çıxdım və gördüm ki, rəhmətlik yerə yıxılıb. Oğlumla onun arasındakı məsafə təxminən 6-7 metr idi. Oğluma deyirdilər ki, bıçağı qoy yerə. İnşallahın haradan bıçaq götürdüyünü isə bilmirəm. Döyülmə səbəbinə gəlincə isə, guya mən Məzahir Məlikovun nişanlısını söymüşəm. Amma mən onun nişanlı olduğunu bilməmişdim".
Şahid Gümrah Hacıyeva isə təqsirləndirilən şəxsin onun qardaşı olduğunu söyləyib. O ifadəsində qardaşının əlində hansısa alətlə çıxmasına şahid olduğunu, lakin hadisənin birbaşa şahidi olmadığını deyib.
Şahid Məzahir Məlikov isə istintaqa verdiyi ifadəni təsdiq etməyib: "Axşam saat 11-də çıxdım siqaret çəkməyə. Qurban çölə çıxdı, gödəkçəsini bağlayaraq söyüş söyməyə başladı. Fikir vermədim və o getdi. Atam işdən evə gələndə soruşdum ki, onlarla mən evdə olmayanda nəsə münaqişəsi olub? Atam dedi ki, yox. Sonra birlikdə maşına oturub yola düşdük ki, gedək görək, kim kimi nəyə görə söyür? Mərhumun oğlunu görəndə dedik ki, atasını çağırsın. Ata-bala gəlməzdən qabaq mənim balaca qardaşım gəldi. Söyüşün səbəbi aydınlaşdırılanda mübahisə yarandı. Əl-qol atılmağa başlandı. Mən də vurmuşam onları. Qardaşım mərhumun kürəyinə taxta ilə vurdu. Məqsədi davanı aralaşdırmaq idi. Sonra dağlışdıq, biz evə getdik. Biz evdə olanda çöldən səs gəldi. Anam, atam və mən çıxdıq çölə. Atam təqsirləndirilənin əlində bıçaq görüb onu vurdu. Anam məni arxadan qucaqladı. Məni arxadan qucaqlayanda əlini o bıçaq kəsdi. Mən evə girdim stul götürüb çıxdım çölə ki ki, anamı və özümü müdafiə edim. Gördüm çöldə atamı yıxıblar, stulla atasını vurdum. Mən bıçağı gördüyümə görə gedib stulu götürmüşəm"
Şahid Oruc Məlikov Etiqad Hacıyevin əlində bıçaq gördüyünü söyləyib.
İfadə verən digər azyaşlı A.A bildirib ki, anası ona qardaşı və atasının çölə çıxdığını və onların ardınca digər qardaşının getdiyini deyib: "Anam dedi ki, get gör hara getdilər. Çatanda gördüm ki, Etiqad Hacıyev atamı tutub. Taxtanı götürüb Etiqadın belinə vurdum. Orda çox da güclü dava olmadı. Bir müddət sonra evin arasından səs gəldi. Evdəkilər çölə çıxdı. Gördüm qardaşım evə gəldi və stul götürdü. Mən İnşallah Hacıyevin əlində bıçaq görməmişəm”.
Məhkəmənin növbəti iclası 11 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib.
İnşallah Hacıyev a Bakının Buzovna qəsəbəsində mübahisə zamanı qonşuları - 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib. Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hadisə zamanı İnşallah Hacıyevin 18 yaşı tamam olmayıbmış.
Humay Eminqızı