Məhkəmə Ekspertizası Mərkəzinin rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspertinin məhkəməsi başladı


  • 14:14

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanov, tanışları Elvin Ramazanov və Cavad Nərimanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra iş üzrə zərərçəkənlərin vəkilləri təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə çıxış ediblər. Məhkəmə vəsatəti təmin etməyib.

Cinayət işi məhkəmə baxışına verilməsi ilə bağlıqərar qəbul edilib.

Məhkəmənin növbəti iclası 10 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki,ibtidai istintaqla Rüfət Sultanovun qeyd olunan vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girərək daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər