- 15:38
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinə keçilib.
Tədqiq zamanı yaşayış yerinin görüntülərinə baxılıb. Görüntülərdən təqsirləndirilən şəxsin içkili olduğu, özünündə əlindən yaralandığı üçün qan axdığı aydın görünür.
Təqsirləndirilən mərhumu yan hissəsindən bıçaqladığını bildirib.
Bəyiş Quliyevin hüquqi varisi barışığın əldə olunmadığını bildirərək məhkəmədən ən ağır cəzanın təyin edilməsini istəyib.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Elşən Rzayevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmə müşavirəyə gedib və daha sonra hökm oxunub. Hökmə əsasən təqsirləndirilən 13 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Bəyiş Quliyev təqsirləndirilənin qonşusu olub. Münaqişə mərhumun Elşən Rzayevin maşınını idarə edərkən yol polisi tərəfindən saxlanaraq cərimələnməsi ilə başlayıb. Daha sonra bu səbəbdən qonşular arasında münaqişə yaranıb. Cərimənin kim tərəfdən ödənilməsi məsələsimdə qonşular ortaq məxrəcə gələ bilməyib. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub. Onun barəsində CM-nin 120.2 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı