Əsgər intiharında ittiham edilən komandir sərbəst buraxıldı


  • 15:38

Cəlilabad Hərbi Məhkəməsində noyabrın 27-də Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Səfəralıyev Mahmud Hikmət oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilib, M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

Bu barədə e-huquq.az-a Cəlilabad Hərbi Məhkəməsindən bildirilib.

"Qəbul edilmiş həmin qərarın iş üzrə yekun məhkəmə qərarı olmadığı, prosessual məcburiyyət tədbirinin tətbiqi ilə bağlı məsələyə baxılarkən şəxsin təqsirlilik məsələsinin həll olunmadığı nəzərə alınmalıdır", - məlumatda deyilir.

İttihama görə, DSX-nin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb. Əsgərlərdən biri bu il noyabrın 15-də intihar edib.

Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Oxşar xəbərlər